Taliban hökuməti Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Əfqanıstandakı silahlı qruplaşmaların Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə böyük təhlükə törədir” bəyanatına reaksiya verib.
Hafta.az-ın yazdığına görə, Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid mətbuata açıqlamasında Rusiya müdafiə naziri Şoyqunun bəyanatını rədd etdiklərini bildirib.
Rusiya səlahiyyətlilərinin son iki ildə Əfqanıstandan region ölkələrinə və dünyaya heç bir təhlükə olmadığını bilməsi lazım olduğunu bildirən Mücahid, daha əvvəl ölkədə olan DEAŞ-ı da məhv etdiklərini açıqlayıb.
Taliban rəsmisi Əfqanıstanda çalışan BMT personalına işləməyə qoyulan qadağanın ləğvini istəyən BMT-ni də tənqid edib. Taliban administrasiyası qadağa qərarının “daxili sosial məsələ” olduğunu açıqlayıb və “Bu, Əfqanıstanın daxili sosial məsələsidir, xarici dövlətlərə təsir etmir” deyib.